Prezident İlham ƏliyevinÇinə səfəri Çin və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi kontekstində olduqca mühüm əhəmiyyət kəsb edir.
Məsələ ondadır ki, Çin bu gün beynəlxalq münasibətlər sistemində həm geostrateji, həm də geoiqtisadi baxımdan dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməkdədir və Çinin həyata keçirdiyi qlobal kommunikasiya layihələri coğrafi məkan olaraq Azərbaycan üzərindən Qərbə uzanır. Ona görə də Çin-Azərbaycan münasibətlərinin çox böyük perespektivli gələcəyi var.
Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Hikmət Babaoğlu bildirib.
"ÇXR sədri Azərbaycan Prezidentini özünün və Çin xalqının "böyük dostu" adlandırması da ikitərəfli münasibətlərin yalnız rəsmi deyil, həm də şəxsi inam və dostluq əsasında qurulduğunu göstərir".
Deputatın fikrincə, Çin-Azərbaycan münasibətlərinin xarakterini və gələcək perespektivlərini anlamaq üçün bu qiymətləndirməyə diqqət etsək, kifayətdir.
“Bu gün Çin Qlobal Cənubun ağırlıq mərkəzidir. Bu gün dünya iqtisadiyyatı bu və ya digər formada birbaşa və dolayısıyla Çin iqtisadiyyatına bağlıdır. Bu gün Azərbaycanın aid olduğu Avrasiya coğrafiyasında Çinin mövqeyi bir çox məsələləri həll edir. Bütün bunların başında əlbəttə ki, siyasi maraqları da diqtə edən iqtisadi maraqlar və yeni iqtisadiyyatın təşkili dayanır. Yeni sənaye inqilabı kontekstində Çin iqtisadiyyatı bu inqilabın önündə gedən iqtisadiyyatdır və özünün müasir texnologiyaları, innovativ yanaşmaları və sənayenin yeni tarixi mərhələdə yenidən təşkili məsələlərini ehtiva edir.
Bura həm sənayenin ən müxtəlif qolları, eyni zamanda sənaye istehsalının bazasını təşkil edən yeni yaşıl enerji daşıyıcıları məsələsi də daxildir".
H.Babaoğlu hesab edir ki, ona görə də bütün bu perespektivlərin qiymətləndirilməsi Çin və Azərbaycan münasibətlərinin inkişafı önündə böyük üfüqlər açır.
Deputat qeyd edib ki, bu gün “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində Çin-Azərbaycan münasibətlərinin Mərkəzi Asiyadan Avropaya qədər uzanması birgə maraqlar yaradır.
"Əlbəttə ki, iqtisadi münasibətlər, siyasi münasibətlər dövlətlərarası münasibətlərin iki mühüm komponenti olsa da, humanitar, mədəni dəyərlər də bu münasibətlərin təminatı bazasını ictimai şüur səviyyəsində təyin edən komponentlər kimi çıxış edir.
Ona görə də biz nəzərə alsaq ki, Azərbaycan ədəbiyyatında hələ 12-ci əsrdə dahi Nizami Çin obrazı yaradırdısa, demək ki, Azərbaycan fəlsəfi fikir tarixində bir Konfutsi obrazı nəzərə alınan mühüm dünya görüşlərinin biri kimi çıxış edirsə, önümüzdəki inteqrasiya prosesində bu dəyərlərin inkişaf etdirilməsi vacib şərt kimi ortaya çıxır.
Buna görə də Çin xalqının da faşizm üzərində qələbə çalmasının qeyd etməsi, Azərbaycan xalqının da faşizm üzərində öz qələbəsini qeyd etməsi də bu cür ortaq dəyər yaradan təmas nöqtələrindən biridir.
Təsadüfi deyil ki, Çin Xalq Respublikasının sədri Azərbaycan prezidentini məhz bu münasibətlə Çinə dəvət etdi. Yalnız dost ölkələr bu cür tədbirlərdə ölkənin liderini öz yanında görmək istəyir".
Millət vəkili vurğulayıb ki, bu, o deməkdir ki, artıq Çin-Azərbaycan münasibətləri rəsmi, iqtisadi, siyasi maraqların kənarında və ortaq mənəvi dəyərlər yaradacaq yeni humanitar komponentlərə söykənməyə başlayacaqdır ki, bu da olduqca vacib məsələlərdən biridir.
Digər müsahibimiz Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, prezident İlham Əliyevin Çinə səfəri, Azərbaycan-Çin münasibətlərində yeni bir mərhələ açaraq, strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu səfər çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi, iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
“Azərbaycan və Çin, bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyərək, beynəlxalq arenada qarşılıqlı etimadı möhkəmləndirir”.
N.Həmzəyev qeyd edib ki, Bəyannamə "Bir Kəmər, Bir Yol" təşəbbüsünün Azərbaycanın "İpək Yolunun dirçəldilməsi" strategiyası ilə uyğunlaşdırılmasını nəzərdə tutur. Bu, iki ölkə arasında ticarət və investisiya əlaqələrinin genişlənməsinə imkan yaradır. Azərbaycan və Çin arasında mədəniyyət sahəsində əməkdaşlıq, xalqlar arasında dostluq münasibətlərini gücləndirir.
"Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Azərbaycan və Çin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda uğurla əməkdaşlıq edirlər. Xüsusilə Asiyada Etimadın Qurulması Təsisatında Azərbaycanın sədrliyinin və mühüm rolunun qeyd edilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha bir təzahürüdür. Görüşdə texnoloji sahədə, humanitar və mədəni sahədə əməkdaşlıq məsələləri də geniş müzakirə olunub.
Eyni zamanda, bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Çin şirkətlərinin həm qiymət, həm də keyfiyyət baxımından dünya enerji bazarında rəqabətqabiliyyətli olması və Çinin bu sahədəki nailiyyətlərinin Azərbaycanda tətbiqi perspektivləri müsbət qiymətləndirilib".
Millət vəkili Azərbaycan və Çin arasında münasibətlərin qarşılıqlı fayda və strateji maraqlara əsaslandığını bildirərək, iki ölkə arasında enerji, nəqliyyat, kənd təsərrüfatı və texnologiya sahələrində əməkdaşlığın genişlənməyindən bəhs edib. Azərbaycan Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsündə mühüm tranzit ölkə kimi çıxış edir və bu təşəbbüs çərçivəsində regional və qlobal ticarət əlaqələrini gücləndirir.
“Prezident İlham Əliyevin səfəri Azərbaycan-Çin münasibətlərinin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır. Bu əlaqələr Azərbaycanın xarici siyasətində mühüm yer tutur və ölkənin beynəlxalq arenada mövqeyini gücləndirir”, - deyə deputat vurğulayıb.
Aminə Nəzərova