Filippində iyunun 8-i səhər saatlarında baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb, 20 mindən çox insan evsiz qalıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, təxminən 500 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bildirilir ki, iyunun 9-da xilasedicilər dağıntılar altında insanların qalmadığından əmin olmaq üçün uçmuş və ciddi ziyan görmüş binalarda axtarış-xilasetmə işlərini davam etdiriblər.
Dörd nəfər rəsmi olaraq itkin düşmüş şəxs kimi qeydə alınsa da, Mülki Müdafiə İdarəsi bir neçə dağılan binanın sağ qalanların və mümkün ölüm hallarının müəyyənləşdirilməsi məqsədilə diqqətlə yoxlanılmasının vacib olduğunu vurğulayıb.
Zəlzələnin episentrinin Mindanao adası sahillərində yerləşdiyi qeyd olunur. Sunami təhlükəsi səbəbindən minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Filippin sahillərində dalğaların hündürlüyünün 1,4 metrə çatdığı, sahilyanı kəndlərdən birində isə altı evə ziyan dəydiyi bildirilir.
Həmçinin İndoneziya, Palau və Yaponiyanın cənub sahillərində daha aşağı hündürlüklü sunami dalğaları qeydə alınıb.