Çin Xarici İşlər Nazirliyi İran ətrafında yaranmış gərginliyin davam etməsi üçün heç bir səbəb olmadığını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazirliyin bəyanatında münaqişənin tezliklə həll olunmasının həm İran, həm də ABŞ üçün faydalı olacağı bildirilib.
“Əslində heç vaxt baş verməməli olan bu münaqişənin davam etməsi üçün heç bir səbəb yoxdur. Vəziyyətin qısa zamanda həll edilməsi həm ABŞ və İran, həm də region ölkələri və bütün dünya üçün faydalı olar”, – deyə açıqlamada qeyd olunub.
Məlumata görə, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Aprelin 7-də Vaşinqton Tehranla iki həftəlik “ikitərəfli” atəşkəs elan edib.
Bildirilir ki, aprelin 11-də tərəflər İslamabad şəhərində bir neçə danışıqlar raundu keçiriblər. Həm Tehran, həm də Vaşinqton mövcud fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyib.
Aprelin 21-də ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin uzadılması planlarını açıqlayıb.
İran Dövlət Televiziyası isə Tehranın Vaşinqtonun birtərəfli qaydada atəşkəs müddətini uzatmaq təşəbbüsünü tanımayacağını, lakin milli maraqlara uyğun addımlar atacağını bildirib.