“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub.
Bakıda gerçəkləşən birinci matçda 1:3 hesabı ilə məğlub olan “Neftçi” gözlənilmədən “Beşiktaş” stadionunda ilk qolu vuran tərəf olub. 36-cı dəqiqədə kapitan Emin Mahmudov hesabı açıb. Bu, komandamızı ümidləndirsə də, üstünlüyü qoruyub saxlamaq mümkün olmayıb.
Meydan sahibləri fasilədən sonra geridönüş etməyi bacarıblar. Əvvəlcə 57-ci dəqiqədə Vensan Abubakar dəqiq zərbə ilə toru silkələyib. 71-ci dəqiqədə Cekson Muleka komandasının qələbə qoluna imza atıb.
Beləliklə, cavab matçında rəqibinə 1:2 hesabı ilə məğlub olan “Neftçi” avrokuboklarla vidalaşıb. “Beşiktaş” isə pley-off mərhələsinə yüksəlib. İstanbul nəhənginin növbəti raunddakı rəqibi Ukrayna klubu “Dinamo” (Kiyev) olacaq.
22:04 ***
“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında İstanbulda keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Beşiktaş” stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
Qarşılaşmanı avstriyalı hakim Yulian Veynberger idarə edir.
Qeyd edək ki, komandalar arasında ötən həftə Bakıda reallaşan ilk matçda “Beşiktaş” 3:1 hesablı qələbə qazanıb.