Ötən il ərzində Azərbaycanda yerli özünüidarəetmə orqanlarının fəaliyyətində cinayət tərkibi ehtiva edən faktlar üzrə toplanmış materiallar, hüquqi qiymət verilməsi məqsədilə 62 halda istintaq orqanlarına təqdim edilib.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun illik hesabatına istinadən "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu statistika rəsmi sənəddə öz əksini tapıb.
Milli Məclisin Regional məsələlər komitəsinin müzakirəsinə çıxarılan məruzədəki rəqəmlər vəziyyətin ciddiliyini göstərir: sözügedən materialların 14-ü əsasında artıq cinayət işi açılıb, 17 fakt üzrə qanun pozuntularının aradan qaldırılması üçün təqdimatlar göndərilib, 31 halda isə araşdırmalar hələ də davam etməkdədir.
Konkret faktlara nəzər saldıqda, Abşeron rayonu Fatmayı bələdiyyəsinin vəzifəli şəxsinin səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində həm bələdiyyəyə, həm də cəmiyyətin qanuni mənafelərinə ciddi ziyan dəyməsi aşkar edilib. Bu faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq maddə ilə cinayət işinə başlanılıb.
Oxşar qanunsuzluq Qusar rayonu Quxuroba bələdiyyəsində də qeydə alınıb. Belə ki, bələdiyyə mülkiyyətindəki torpağın ayrılması zamanı qanunsuz sənədləşdirmə və saxta sənədlərdən istifadə halları üzə çıxıb. Baş Prokurorluq faktla bağlı rəsmi sənədlərin, möhür və ştampların saxtalaşdırılması, qanunsuz hazırlanması və istifadəsi maddələri üzrə cinayət işi açıb.
Saatlı rayonu Sarıcalı bələdiyyəsinin sədrinin isə xidməti mövqeyindən sui-istifadə edərək dələduzluğa yol verdiyi müəyyən edilib və bu fakt üzrə cinayət təqibinə başlanılıb.
Biləsuvar rayonu keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsində vəziyyət daha da acınacaqlı olub. Vəzifəli şəxslər kollegiallıq prinsipini heçə sayaraq torpaq ayrılması barədə təkbaşına qərarlar verib, yerli büdcəni talayıb və əmlakı israf ediblər. Nəticədə mənimsəmə, israf etmə, vəzifə saxtakarlığı və səlahiyyətlərdən sui-istifadə maddələri ilə cinayət işi açılıb.
Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin rəsmisi də büdcə vəsaitlərini mənimsəməkdə və torpaq ayrılması üçün qanunsuz sənəd tərtib etməkdə ittiham olunur. Fakt üzrə dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması/satılması maddələri ilə cinayət işi başlanıb.
Tovuz rayonu Böyük Qışlaq bələdiyyəsində isə vəzifəli şəxslər kollegiallıq prinsiplərini pozaraq qurumun adından saxta qərarlar hazırlayıblar. Bu əməllərə görə vəzifə səlahiyyətlərindən sui-istifadə, passiv rüşvətxorluq və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi açılıb.
Siyahı bununla məhdudlaşmır; Tərtərin Sarov, Qaradağlı, Yuxarı Qapanlı, Bəyimsarov; Abşeronun Qobu; Qusarın Urva, Samur; Gədəbəyin keçmiş Novosaratovka və digər bələdiyyələrinin vəzifəli şəxsləri barəsində toplanmış materiallar da hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.
Bundan əlavə, Ədliyyə Nazirliyinə daxil olan vətəndaş və hüquqi şəxs müraciətlərinin araşdırılması zamanı aşkar edilən qanun pozuntuları sənədləşdirilərək aidiyyəti üzrə istintaq orqanlarına təqdim olunub.
Hesabatdakı təhlillər göstərir ki, bələdiyyə sistemindəki əsas problemlər torpaqların idarə edilməsi, maliyyə vəsaitlərinin xərclənməsi, şəffaflıq, hesabatlılıq və ümumi idarəçilik sahələrində cəmləşib.
Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində ən çox rast gəlinən xarakterik nöqsanlar isə aşağıdakılardır:
- Bələdiyyə adından üçüncü şəxslərə hüquq verən saxta sənədlərin tərtibi;
- Saxta sənədlərə istinadən bələdiyyə torpaqlarının satılması;
- Əmlakla bağlı məsələlərin kollegial deyil, vəzifəli şəxslər tərəfindən təkbaşına həll edilməsi;
- Torpaqların istifadəsi və mühafizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməməsi;
- Bələdiyyə əmlakının mənimsənilməsi və ya israfçılıq halları;
- Torpaqların fərdi tikinti üçün satışı və ya hərraca çıxarılması zamanı real bazar dəyərinin nəzərə alınmaması, qiymətlərin süni şəkildə aşağı salınması;
- Vəzifəli şəxslərin səhlənkarlığı ucbatından yerli vergi və icarə haqlarının yığılmasında yaranan problemlər, nəticədə bələdiyyənin maliyyə durumunun kəskin pisləşməsi.