Mədəniyyət Nazirliyinin təşkilatçılığı və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində nazirliyin nəzdindəki bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk dəfə olaraq genişmiqyaslı qastrol səfərlərinin təşkili 2025-ci və 2026-cı illər üçün nəzərdə tutulub.
Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, layihənin əsas məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə gənclərin asudə vaxtının səmərəli təşkili, həmçinin yerli yaradıcı kollektivlərlə qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsinin gücləndirilməsidir.
Qastrol proqramı çərçivəsində 2025-ci ildə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin dekabrın 1-də Sumqayıt şəhəri “Kimyaçı” Mədəniyyət Sarayında, dekabrın 27-də isə Şamaxı Rayon Mədəniyyət Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin solistləri — xanəndə və instrumental ifaçıların dekabrın 3-də Bərdə Rayon Mədəniyyət Mərkəzində, Əməkdar Kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin dekabrın 6-da Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində, Cahangir Cahangirov adına Xor kollektivinin isə dekabrın 26-da Quba Rayon Mədəniyyət Mərkəzində çıxışları baş tutacaq. 2026-cı ildə isə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin yanvarın 23-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxışı nəzərdə tutulur.