Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları tərəfindən Batumidə xüsusilə külli miqdarda narkotik vasitə dövriyyəsinin qarşısının alınması məqsədilə xüsusi əməliyyat keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazirliyin yaydığı rəsmi açıqlamada 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı N.A. və eyni il təvəllüdlü Türkiyə vətəndaşı S.C.-nin saxlanıldığı bildirilir. Həmin şəxslər xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satışına kömək etməkdə ittiham olunurlar.
Şübhəli şəxslərin üzərində və müvəqqəti yaşayış yerlərində aparılan axtarış zamanı maddi sübut kimi xüsusilə külli miqdarda "heroin" aşkarlanaraq götürülüb. İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər narkotik maddələri qablaşdıraraq Batumi şəhərinin müxtəlif ərazilərində satış məqsədilə gizlədiblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat zamanı narkotik maddələrin qablaşdırılması üçün istifadə olunan materialları da müsadirə ediblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq bəndi ilə istintaq tədbirləri davam etdirilir. Təqsirləri sübuta yetiriləcəyi təqdirdə, saxlanılan şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.