Bu qış transfer pəncərəsində “Barselona”dan ayrılmağa yaxın olan ikinci futbolçunun adı bəlli olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Mark-Andre ter Stegenin “Jirona”ya icarəyə göndərilməsindən sonra gənc yarımmüdafiəçi Dro Fernandes “Paris Saint-Germain”ə keçidini başa vurmaq üzrədir.
Məlumata görə, Dro Fernandes bu ayın əvvəlində komandadakı oyun müddətindən narazı qalaraq klub rəhbərliyinə transfer istəyi ilə müraciət edib.
Müqaviləsində 6 milyon avroluq sərbəst qalma bəndi yer alan futbolçu ilə bağlı “Barselona”nın manevr imkanları məhdud olub. Bundan istifadə edən PSJ qısa müddətdə 18 yaşlı oyunçu ilə şəxsi şərtlər üzrə razılıq əldə edib.
Bu gün Dro Fernandes tibbi müayinədən keçmək üçün Parisə yollanıb. Tibbi yoxlamalar uğurla başa çatacağı təqdirdə, yarımmüdafiəçi Fransa nəhəngi ilə rəsmi müqavilə imzalaya biləcək.
Gənc futbolçunun “Barselona”dan ayrılmaq qərarı klub daxilində və Kataloniya ictimaiyyətində mənfi qarşılanıb. Klub prezidenti Joan Laporta açıqlamasında vəziyyətin gözlənilmədən yarandığını bildirib və vurğulayıb ki, “Barselona”nın əldə edəcəyi 6 milyon avro Dro Fernandes kimi perspektivli futbolçu üçün kifayət qədər aşağı məbləğdir.