Azərbaycanın paytaxtında oktyabrın 14-dən 16-dək VI “Rebuild Garabagh” sərgisi keçiriləcək. Bakı Ekspo Mərkəzində təşkil olunacaq tədbir infrastruktur, investisiya və yeni biznes tərəfdaşlıqlarına həsr ediləcək.
Sərgidə tikinti, nəqliyyat, enerji, kommunal xidmətlər, rəqəmsal texnologiyalar və ətraf mühitin bərpası sahələrində fəaliyyət göstərən şirkətlər məhsul və xidmətlərini təqdim edəcəklər. Tədbirin məqsədi şirkətləri potensial tərəfdaşlarla əlaqələndirmək, yeni müqavilələr və birgə layihələr üçün imkanlar yaratmaqdır.
Proqram çərçivəsində şirkətlərlə dövlət qurumları arasında ikitərəfli işgüzar görüşlər, panel müzakirələri və təqdimatlar keçiriləcək. Sərgi İqtisadiyyat Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qarabağ Dirçəliş Fondunun, eləcə də digər dövlət və biznes təşkilatlarının rəsmi dəstəyi ilə təşkil olunur.
“Rebuild Garabagh” sərgisi “Caspian Construction Week” çərçivəsində baş tutacaq. Həftənin proqramına “BakuBuild”, “Aquatherm Baku”, “Plastex” və “Road & Traffic” sərgiləri də daxildir. Bu tədbirlər tikinti və su infrastrukturundan plastik və polimerlərə, yollardan ictimai nəqliyyata qədər müxtəlif sahələri əhatə edir.
Sərginin son günü memarlıq siyasəti, mədəni irs və şəhərsalma məsələlərinə dair müzakirələr də keçiriləcək.