"Azərbaycan və Türkiyə strateji müttəfiqliyinin açarı olan əsas təhlükəsizlik məsələlərinə xələl gəldiyini düşünmürəm. Azərbaycan və Türkiyə strateji müttəfiqliyi bununla belə, indi regionda baş verən bir neçə proses fonunda yenilənmə mərhələsindən keçir".
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında politoloq Aqşin Kərimov bildirib.
Politoloq prosesləri üç əsas regional təsir fonunda dəyərləndirib:
"Biz bunu birincisi, Amerika Birləşmiş Ştatları ilə İran arasında olan müharibənin yaratdığı regional təsirlər; ikincisi, Azərbaycan-İsrail münasibətlərinin Türkiyə ilə əlaqələrdə yaratdığı fikir ayrılıqları; üçüncüsü isə Türkiyədə xarici siyasət prioritetlərinin forma baxımından dəyişilməsi kontekstində dəyərləndirə bilərik. Məhz 2023-cü ildə Türkiyədə yeni prezident seçkisindən sonra formalaşan komanda xarici siyasət prioritetlərini bir qədər dəyişməli oldu və bu dəyişkənliklər regionda baş verən yeni münaqişələr və onların geosiyasi təsirləri fonunda özünü aşkar şəkildə göstərdi".

Aqşin Kərimov vurğulayıb ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, təhlükəsizlik təməlləri sarsılmazdır, lakin ideoloji üst-üstə düşməyən məqamlar masaya yatırılmalıdır:
"Gələcəkdə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin açarı, kilid nöqtəsi olan təhlükəsizlik məsələlərinə hər hansı bir xələl gələcəyini düşünmürəm. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi qarşıdakı aylarda və yaxud da illərdə hərbi təhlükəsizlik baxımından daha da möhkəmlənəcək. Bununla belə, bu müttəfiqlikdə bir sıra məqamlar da var və baş verən son proseslər onu göstərir ki, hər iki tərəfin ideoloji uyğunlaşması üçün də artıq müzakirələr başlamalıdır. Yəqin ki, belə müzakirələr gələcəkdə baş tutacaq".