Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin rəsmi açılış mərasimində çıxış edib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Baş nazir beynəlxalq nəqliyyat marşrutlarının inkişafının həm iqtisadi artım, həm də regional sabitlik üçün vacib amil olduğunu bildirib.
İrakli Kobaxidze qeyd edib ki, Gürcüstan strateji infrastrukturun inkişafına xüsusi önəm verir və ölkənin Avropa ilə Asiya arasında etibarlı tranzit mərkəzinə çevrilməsi əsas hədəflərdəndir. Bu məqsədlə bir sıra mühüm layihələr icra olunur:
- Anakliya dərin dəniz limanının tikintisi;
- Beynəlxalq hava limanlarının genişləndirilməsi və modernləşdirilməsi;
- Avtomobil yolları və dəmir yolu şəbəkəsinin yenilənməsi.
Baş nazirin sözlərinə görə, həyata keçirilən infrastruktur layihələri Gürcüstanın logistika imkanlarını genişləndirməklə yanaşı, ölkənin strateji mövqeyini də möhkəmləndirir. O, bu istiqamətdə Azərbaycan, Türkiyə, Ermənistan, Orta Asiya ölkələri və digər tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Layihələrin birgə səylərin nəticəsi olduğunu qeyd edən İrakli Kobaxidze tərəfdaşlara təşəkkürünü bildirib. Çıxışının sonunda o, Bakı-Tbilisi-Qars dəmir yolunun tam istifadəyə verilməsi münasibətilə təbriklərini çatdıraraq, ölkələrə uğurlar arzulayıb.