Azərbaycan müasir şəhərsalma, yaşıl enerji, rəqəmsal idarəetmə və davamlı infrastrukturu yenidənqurma prosesinə inteqrasiya edir. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları vasitəsilə biz Ağdam, Füzuli və Xocavənd rayonlarında texnologiyaya əsaslanan və davamlı icmalar formalaşdırırıq. Baş Qərvənd və Dövlətyarlı kəndləri bu sahədə aparıcı nümunələrdir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə deyib.
O bildirib ki, bu layihələr bərpaolunan enerji həllərini, yüksəksürətli rəqəmsal bağlantını, müasir sosial infrastrukturu və ekoloji cəhətdən məsuliyyətli şəhərsalmanı özündə birləşdirir. Günəş enerjisinə və milli şəbəkəyə əsaslanan hibrid enerji sistemləri, eləcə də ikitərəfli elektrik sayğacları Azərbaycanda ilk dəfə tətbiq olunur. Biz, həmçinin yüzlərlə fərdi qazanxananı daha təhlükəsiz və enerji baxımından daha səmərəli həllərlə əvəz edən innovativ mərkəzi istilik sistemlərini tətbiq edirik. Sakinlər istiliyi müstəqil şəkildə tənzimləyə və yalnız faktiki istehlaka görə ödəniş edə bilərlər ki, bu da enerji itkisini və karbon emissiyasını əhəmiyyətli dərəcədə azaldır. Bu səylər təkcə şəhərləri bərpa etməyə deyil, həm də qayıdışın ilk mərhələlərindən etibarən dözümlülük və gələcəyə hazır icmalar qurmağa yönəlib.