Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistana ikinci mayeləşdirilmiş təbii qaz (LNG) yükünü vaxtından əvvəl göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM" Pakistan mətbuatına istinadən məlumat verir ki, yükün bu ilin fevralında çatdırılması planlaşdırılırdı.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında “Pakistan LNG Limited” (PLL) və SOCAR arasında 1 il müddətinə çevik şərtlərlə LNG alınmasına dair çərçivə sazişi imzalanıb.
Sazişə əsasən, Azərbaycan hər ay bir partiya LNG yükü təklif edəcək və Pakistan bu partiyanı qəbul edib-etməmək barədə qərar verəcək. Pakistanın yükü qəbul etmədiyi təqdirdə heç bir maliyyə sanksiya tətbiq olunmayacaq.
Sazişə uyğun olaraq, LNG yük həcmi 3,2 milyon MMBtu +/- 5 % təşkil edəcək və ödəniş PLL fakturasının alındığı gündən 30 gün ərzində həyata keçiriləcək.
Pakistan Azərbaycandan ilk LNG yükünü 2023-cü ilin dekabr ayında alıb.