Azərbaycanın beynəlxalq hava limanlarında üçüncü ölkəyə səfər edənlər üçün xüsusi tranzit zonalarının yaradılması nəzərdə tutulur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu yenilik Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar" sənədində öz əksini tapıb.
Yeni qaydalara əsasən, hava limanından üçüncü ölkəyə uçan hava gəmisinin heyət üzvləri və sərnişinləri üçün mühüm güzəştlər tətbiq ediləcək. Belə ki, sərhəd nəzarəti prosedurlarını keçmədən və 24 saatdan artıq olmayan müddət üçün viza tələb olunmadan hava limanında qalmaq mümkün olacaq.
Bu məqsədlə ölkənin beynəlxalq hava limanlarında müvafiq tranzit zonaları təşkil ediləcək.
Bundan başqa, Miqrasiya Məcəlləsinə uyğun olaraq, əcnəbi və ya xarici ölkədə daimi yaşayan vətəndaşlığı olmayan sərnişinlər üçün tranzit viza tələbi aradan qaldırılır. Bu, sərnişinlərin təyyarə dəyişmədən ölkə ərazisindən tranzitlə uçduğu və ya tranzit zonasında sərhəd nəzarətini keçmədən təyyarə dəyişdiyi hallara şamil edilir.
Həmçinin, Azərbaycanın dövlət sərhədini keçməyə imkan verən digər vizalar olduqda və ya ölkəmizlə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətin vətəndaşları üçün də tranzit vizası tələb edilməyəcək.