Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları, yəni 8 milyard 183 milyon manat ekvivalentində olub. Bu məbləğ Ümumi Daxili Məhsulun (ÜDM) 6,3 faizinə bərabərdir. Daxili dövlət borcu isə 17 milyard 804,5 milyon manat təşkil edib ki, bu da ÜDM-in 13,8 faizi səviyyəsindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xarici dövlət borcu 6,7 faiz, daxili dövlət borcu isə 4,6 faiz azalıb.
Nəticə etibarilə, 2024-cü ilin sonuna ölkənin ümumi dövlət borcu 25 milyard 987,5 milyon manat olub. Bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 5,3 faiz azalma deməkdir.
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin dövlət büdcəsindən dövlət borcuna xidmət məqsədilə ümumilikdə 2 milyard 99,5 milyon manat vəsait ayrılıb. Bu məbləğin 757 milyon manatı daxili dövlət borcu üzrə (136,8 milyon manat əsas borc, 620,2 milyon manat isə faiz borcu), 1 milyard 342,5 milyon manatı isə xarici dövlət borcu üzrə (959,7 milyon manat əsas borc, 382,8 milyon manat faiz ödənişləri) nəzərdə tutulub.
Aparılan optimallaşdırma tədbirləri nəticəsində dövlət borcuna xidmət xərcləri üzrə ümumilikdə 300,1 milyon manat qənaət əldə edilib.