Bölgədə yaranmış böhran vəziyyəti ilə əlaqədar Azərbaycanın səfirlikləri və Baş konsulluqları fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə regiondakı hərbi eskalasiya ilə bağlı açıqlamasında bildirib.
Diplomatik missiyalarımız vətəndaşlardan gələn müraciətlərə operativ reaksiya verir. İndiyə qədər yalnız bir nəfər vətəndaşımız xəsarət alıb. Həmin şəxsə lazımi dəstək göstərilir və vəziyyəti yaxşıdır.
Vətəndaşların təxliyyəsi məsələsinə gəldikdə, İran ərazisində olan Azərbaycan vətəndaşlarının ölkədən çıxışı üçün Azərbaycan və Türkiyə quru sərhədlərindən istifadə edilir. İndiyədək 30 nəfər vətəndaşımız Azərbaycan sərhədindən keçid edib.
Ayxan Hacızadə qeyd edib ki, hava məkanının bağlı olması səbəbindən hazırda kütləvi təxliyyə nəzərdə tutulmur. Bölgədəki vətəndaşlardan təhlükəsizlik vəziyyətini izləmələri, yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl etmələri və kütləvi toplaşma yerlərindən uzaq durmaları xahiş olunur.