Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərə vacib müraciət ünvanlayıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DYP-dən məlumat verilib.
Aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublika əhəmiyyətli avtomobil yollarında sürücülər tərəfindən qarşıda hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlanılmır. Eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına lazımi səviyyədə riayət olunmur.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu kimi hallar yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır.
Qanunvericiliyin tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti qəfil azaltdıqda və ya gözlənilmədən dayandıqda, toqquşmanın qarşısını ala bilsin.
Unutmayın ki, sürət artdıqca ara məsafəsinin də mütənasib şəkildə artırılması zəruridir.
Eyni zamanda, yol şəraitinə uyğun müəyyən edilmiş sürət həddinin aşılması yolverilməzdir. Yüksək sürət zamanı sürücünün reaksiyası və təhlükəni vaxtında qiymətləndirmə imkanı azalır ki, bu da ağır nəticələrə səbəb ola bilər.