Əbu-Dabidə Azərbaycan Ordusu və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin hazırlıq məşqlərinə start verilib.
Bu barədə Müdafiə Nazirliyi "Operativ Məlumat Mərkəzi-OMM"-ə məlumat verib.
Bildirilib ki, hazırlıq çərçivəsində əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları izah olunub, daha sonra təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, mərhələlər üzrə fəaliyyət planı və icra ediləcək tapşırıqlar barədə ətraflı brifinq təqdim edilib.
Təlim yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçiriləcək. Plan üzrə dağlıq ərazidə fəaliyyət göstərən qanunsuz silahlı dəstələrin aşkar edilərək zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərinin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, həmçinin yanğınsöndürmə tədbirləri icra olunacaq.
Qeyd edək ki, “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi fevralın 2–3-də keçiriləcək.