Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 7-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarını keçirəcək. Həmin gün, həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan da təşkil olunacaq.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmaz şəhərlərində keçiriləcək. İmtahan prosesi saat 10:00-da başlayır. Qeyd edək ki, saat 09:45-dən etibarən buraxılış rejimi başa çatır və bu vaxtdan sonra gələn şəxslər imtahan binasına buraxılmır.
Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli (Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsi; əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün icazə vəsiqəsi; qaçqın statusu olanlar üçün qaçqın vəsiqəsi).
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar təhsil müəssisəsi tərəfindən verilmiş, fotoşəkli möhürlə təsdiqlənmiş arayışı da təqdim etməlidirlər.
İmtahanların keçirilməsi üçün ümumilikdə 212 bina və 3803 zal ayrılıb. Prosesin idarə olunmasına 212 ümumi imtahan rəhbəri, 605 imtahan rəhbəri, 4716 nəzarətçi, 673 buraxılış rejimi əməkdaşı və 212 bina nümayəndəsi cəlb olunub. Ümumilikdə 51 690 abituriyentin (I qrup üzrə 33 986, IV qrup üzrə 6 518, coğrafiya fənni üzrə 11 186 nəfər) imtahanda iştirakı nəzərdə tutulur.
İmtahanda sağlamlıq imkanları məhdud olan 65 abituriyent də iştirak edəcək. Onların rahatlığı üçün xüsusi zallar ayrılıb, gözdən əlilliyi olan şəxslərə fərdi nəzarətçilər təyin edilib və hərəkət məhdudiyyətli şəxslər üçün müvafiq şərait yaradılıb.