Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmanin – Karina Akopova cütlüyünün yarış proqramında siyasi və separatçı məzmun daşıyan “Arsax” adlı musiqidən istifadə etməsi ilə bağlı etirazını ifadə edib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, MOK bu məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) müvafiq qurumlarını rəsmi şəkildə məlumatlandırıb.
Bildirilib ki, “Arsax” anlayışı uzun illər ərzində Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinə qarşı Ermənistanın apardığı qeyri-qanuni və separatçı siyasətin ideoloji mahiyyətini əks etdirir. Bu baxımdan, Olimpiya Oyunları kimi siyasətdən kənar qalmalı olan beynəlxalq idman tədbirində belə bir musiqinin seçilməsi açıq şəkildə siyasi və ideoloji xarakter daşıyır və Olimpiya dəyərlərinə ziddir.
MOK vurğulayıb ki, Olimpiya Xartiyasının əsas prinsiplərinə əsasən, Olimpiya Oyunlarında hər hansı siyasi, ideoloji və separatçı təbliğata yol verilməsi qadağandır. Beynəlxalq Olimpiya Komitəsinin əsas missiyalarından biri idmanı siyasətdən uzaq tutmaq, idmançıların və yarışların siyasi məqsədlər üçün istismarına qarşı çıxmaqdır.
Qeyd olunub ki, bu cür hallar Olimpiya Oyunlarının ruhuna, idman etikası və beynəlxalq idman prinsiplərinə zərər vurur, Olimpiya Hərəkatının neytrallıq prinsipini pozur və regionda sülh və qarşılıqlı etimad mühitinə xələl gətirir.
Azərbaycan Milli Olimpiya Komitəsi bir daha bəyan edib ki, Olimpiya Oyunları sülhün, dostluğun və xalqlar arasında qarşılıqlı hörmətin simvoludur və bu platformadan siyasi və separatçı məqsədlər üçün istifadə qətiyyən yolverilməzdir.