Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi iki iri pərakəndə satış şəbəkəsi — “Araz Supermarket” və “Bazarstore” barəsində inzibati xəta haqqında protokol tərtib edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 2026-cı il aprelin 15-də aparılan nəzarət tədbirləri zamanı “Araz Supermarket” MMC-də qida məhsulunun üzərində göstərilən qiymətdən daha baha satıldığı müəyyən edilib.
Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirilib və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə — malın hesabına dair istehlakçıların az miqdarda aldadılması üzrə rəsmiləşdirilib. Qeyd olunub ki, qurum bundan əvvəl, 2026-cı il yanvarın 22-də də eyni məsələ ilə bağlı şirkət barəsində protokol tərtib etmişdi.
Eyni hüquqi əsasla “Bazarstore” MMC barəsində də protokol tərtib olunub.
Agentliyin məlumatına əsasən, şirkətdə qida məhsulu üzərində göstərilən qiymətdən baha satış faktı aşkarlanıb və bu da eyni qanunvericilik tələbinin pozuntusu kimi rəsmiləşdirilib.
İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya xidmət göstərən şəxslər tərəfindən malın ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması nəzərdə tutulur. Bu maddəyə görə fiziki şəxslər 350–500 manat, vəzifəli şəxslər 1 500–2 000 manat, hüquqi şəxslər isə 4 000–6 000 manat məbləğində cərimə edilir.