Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz yolla ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hadisə “Cənub-Astara” gömrük postunda qeydə alınıb.
İrandan Rusiyaya “kahı” yükü daşıyan nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərkən şübhəli cizgilər müşahidə edilib. Nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub və kinoloji xidmət itinin köməyi ilə aparılan baxış zamanı yükün içərisində gizlədilmiş qadağan olunmuş maddələr aşkarlanıb.
Yoxlama nəticəsində üzəri “kahı” ilə örtülmüş 191 ədəd bağlamada ümumi xalis çəkisi 22 kiloqram 565 qram olan qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.