Xüsusi icra məmurunun vahid geyim forması və nişanının, eləcə də onun köməkçisinin nişanının təsvirləri təsdiq edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, xüsusi icra məmurunun geyim forması gündəlik istifadə üçün nəzərdə tutulur və yay və qış dəstlərindən ibarət olacaq. Geyimlər sağlamlığa zərərsiz, keyfiyyətli, möhkəm, aşınmaya davamlı və gigiyenik tələblərə cavab verən parçalardan hazırlanmalıdır.
Qış dəstinə beysbolka, istiləşdirilmiş gödəkçə, yaz-payız üçün qolsuz gödəkçə, uzunqol üçdüymə köynək, şalvar (qadınlar üçün yubka və şalvar) və ayaqqabı daxildir. Yay dəsti isə beysbolka, qısaqol üçdüymə köynək, şalvar (qadınlar üçün yubka və şalvar) və ayaqqabıdan ibarətdir.
Xüsusi icra məmurunun nişanı rezin və metal materialların kombinasiyasından hazırlanır, qalxanvari formaya malikdir. Nişanın üzərində “Xüsusi icra məmuru” sözləri, məmurun soyadı, adı, atasının adı, reyestr nömrəsi və həmin nömrənin yoxlanılması üçün QR kod yerləşdirilir.
Xüsusi icra məmurunun və onun köməkçisinin nişanı geyim formasının sol döş hissəsinə bərkidilməlidir. Qeyd edilib ki, bu təsvirlər dövlət icra məmurlarına şamil olunmur.