Milli Məclisin deputatı Aydın Mirzəzadə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı sənədi dəstəklədiyini bildirib və büdcənin əsas üstünlüklərini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat çıxışına belə başlayıb:
“2026-cı il dövlət büdcəsinin əsas məqsədi sosial-iqtisadi prioritetlərə uyğun xərclərin həyata keçirilməsi, qeyri-neft sektorunun davamlı artımının təmin edilməsi, büdcənin neft gəlirlərindən asılılığının azaldılması və fiskal dayanıqlılığın gücləndirilməsidir”.
Onun sözlərinə görə, 2025-ci ilin göstəriciləri və 2026-cı ilin proqnozları ölkədə makroiqtisadi sabitliyin qorunduğunu təsdiqləyir:
“2026-cı ildə ÜDM-in 134,1 milyard manat səviyyəsində formalaşacağı və 2,9% artacağı gözlənilir. Bu, iqtisadi sabitliyin etibarlı şəkildə davam etdiyini göstərir”.
Aydın Mirzəzadə bildirib ki, səhiyyə xərclərinin artırılması sosial siyasətin vacib tərkib hissəsidir:
“Azərbaycan tarixində ilk dəfə səhiyyəyə bu qədər vəsait ayrılır. Bu, xüsusilə həssas qrupların tibbi xidmətlərə əlçatanlığını genişləndirəcək”.
Deputat əlavə edib ki, gələn ilin dövlət büdcəsi xərclərinin 41%-nin sosial sahələrə yönəldilməsi büdcənin sosial xarakterini nümayiş etdirir.
“DSMF-nin gəlir və xərclərinin artması, işsizlikdən sığorta fondu vasitəsilə aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi sosial yönümlü büdcə yanaşmasının göstəricisidir”.
Afət Ziyadqızı