"Büdcə sistemi haqqında" qanun" daha çox dövlət büdcəsi ilə bağlı ümumi prosedurları müəyyən edir, Ümumən dövlət sektorunun maliyyəsi və onun idarə edilməsi təfəkkürünü özündə tam ifadə etmir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı bildirib.
"Hesab edirik ki, dövlət sektorunun aktiv və öhdəliklərinin konsolidə edilmiş hesabatlılığı, vergi stimullarının təhlili və onların büdcəyə təsiri, iqtisadiyyatın sahələrinin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi ilə bağlı məlumatların qanunda təsbit edilməsi, bəzilərinin büdcə sənədləşməsinə daxil edilməsi faydalı ola bilər", - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, parafiskal ödənişləri (təkrar emal haqları, pullu yollar, üzvlük haqları və s.) toplayan təşkilatlar onlardan istifadə haqqında hesabat təqdim etməlidirlər: "Dövlət qurumları bu vəsaitlərin səmərəliliyini təhlil və mümkün büdcənin yenidən bölüşdürülməsi ilə bağlı qərarlar qəbul edə bilər. Bu dəyişikliklər bir tərəfdən hesabatlılıq və şəffaflığı, digər tərəfdən isə büdcədə proqnozlaşdırılma institutunun etibarlılığını artırmış olardı".