Madridin "Atletiko" klubu heyətini gücləndirmək üçün sol cinah müdafiəçisi axtarışlarını davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" idman jurnalisti Matteo Morettoya istinadən xəbər verir ki, "matrasçılar" iki ispan futbolçu – "Çelsi"dən Mark Kukurelya və "Bayer"dən Alexandro Qrimaldo ilə maraqlanırlar.
Klubun əsas hədəfi "Çelsi"nin 27 yaşlı müdafiəçisi Mark Kukurelyadır. Lakin bu transferin reallaşması kifayət qədər çətin görünür.
Belə ki, London klubu oyunçu üçün yüksək təzminat tələb edir, üstəlik, futbolçunun maaş tələbləri də kifayət qədər yüksəkdir.
Alternativ variant kimi nəzərdən keçirilən "Bayer"in 30 yaşlı lideri Alexandro Qrimaldo daha əlçatan seçim hesab olunur.
Futbolçunun müqavilə müddətinin başa çatmasına bir il qalması və onun İspaniyaya qayıtmaq istəyi bu keçidi daha real edir.
Qeyd edək ki, "Transfermarkt" portalı Kukurelyanı 50 milyon, Qrimaldonu isə 20 milyon avro dəyərində qiymətləndirir. Hər iki oyunçu İspaniya millisinin DÇ-2026 üçün heyətinə daxil edilib.