Antalyada keçirilən Beynəlxalq Astronavtika Konqresinin (IAC) üçüncü günündə beynəlxalq əməkdaşlıq, Ayın tədqiqi və süni intellektin kosmik sahədə artan rolu əsas müzakirə mövzuları olub.
Çərşənbə günü astronavtlar, kosmik agentliklərin nümayəndələri, tədqiqatçılar və özəl sektorun rəhbərləri gələcək Mars missiyaları, Yerətrafı orbitlərdə artan sıxlıq və kosmik dövrdə idarəçilik məsələlərini müzakirə ediblər.
Təşkilatçıların məlumatına görə, “Dünyaya daha çox kosmos lazımdır” şüarı ilə keçirilən beşgünlük tədbirə 100-dən çox ölkədən 7 500 qeydiyyatdan keçmiş nümayəndə qatılıb.
Beynəlxalq Astronavtika Federasiyasının (IAF) rəhbəri Qabriella Arrico bildirib ki, təşkilat geosiyasi fikir ayrılıqları, texnoloji rəqabət və kosmik sektora daxil olan özəl şirkətlərin sayının artması fonunda dialoq kanallarını açıq saxlamağa çalışır.
Çərşənbə günü ABŞ-ın rəhbərlik etdiyi “Artemis” sazişlərinə qoşulan ölkələrin beşinci illik toplantısı da keçirilib. Sazişlər Ayın və digər səma cisimlərinin dinc, şəffaf və dayanıqlı şəkildə tədqiqi üçün prinsiplər müəyyənləşdirir.
Məcburi hüquqi qüvvəsi olmayan sənədlər elmi məlumatların paylaşılması, sistemlərin uyğunluğu, fövqəladə hallarda yardım və kosmik əməliyyatlara zərərli müdaxilənin qarşısının alınması kimi məsələləri əhatə edir. 2020-ci ildə yaradılan çərçivəyə indiyədək 75-dən çox ölkə qoşulub.
Konqresdə Mars missiyalarında süni intellektdən istifadə imkanları, yeni nəsil kosmik infrastruktur, kosmik stansiyaların inşası ilə bağlı hüquqi məsələlər, planetlərin müdafiəsi və Yerətrafı aşağı orbitdə kommersiya fəaliyyəti də müzakirə olunub.
IAF çərşənbə günü Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi ilə 2028-ci ilin yayında Yaponiyada Qlobal Kosmik Tədqiqatlar Konfransının keçirilməsi üçün ilkin çərçivəni müəyyən edən saziş imzalayıb.
Türkiyənin kosmik sahədəki planları da gündəmdə olub. Türkiyə Kosmik Agentliyinin rəhbəri Yusuf Kıraç ölkəsinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə mövcud peyk layihəsini genişləndirmək və gələcəkdə birgə kosmik modul istehsal etmək niyyətində olduğunu deyib.
Avqust ayında “Artemis” sazişlərinə 71-ci ölkə kimi qoşulan Türkiyə kosmik konqresə ilk dəfə ev sahibliyi edir. Türkiyəli iştirakçılar qeydiyyatdan keçmiş nümayəndələrin 1 000-dən çoxunu təşkil edir.
Konqres cümə gününədək davam edəcək. Həmin gün tədbirin keçirildiyi məkan geniş ictimaiyyət üçün açıq olacaq.