Naxçıvan Muxtar Respublikasının iki rayonunda – Kəngərli və Culfada təhlükəli hərbi sursatlar aşkarlanaraq zərərsizləşdirilib.
Naxçıvanda Təhlükə: Hansı Hərbi Sursatlar Aşkarlanıb?
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatda polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Culfa rayonları ərazisində hərbi sursatların aşkar edildiyi bildirilirdi.
Məlumatlarla əlaqədar nazirliyin pirotexnikləri dərhal hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə təhlükəsizlik tədbirləri görüldükdən sonra əraziyə baxış keçirilib. Baxış zamanı aşkar edilən sursatların siyahısı belə olub:
1 ədəd 120 mm top mərmisi, 3 ədəd RPQ-7 mərmisinin idarə olunmayan mühərriki, 3 ədəd 30 mm AQS mərmisi və 1 ədəd 2A42 topunun gilizi.
Həmçinin, 5 ədəd müxtəlif döyüş başlığı, 1 ədəd minaatan mərmisinin arxa pəri və 1 ədəd TM-62 tipli tank əleyhinə mina olduğu müəyyən edilib.
Aşkarlanan bütün sursatlar zərərsizləşdirilməsi üçün FHN pirotexnikləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.