Səudiyyə Ərəbistanı Pro Liqasının lideri “Əl-Hilal” 38 yaşlı fransalı hücumçu Kərim Benzemanın transferini nəzərdən keçirir.
"Operativ Məlumat Mərkəzi-OMM" Xarici KİV-ə istinadən xəbər verir ki, bu variant Markos Leonardonun Avropaya transferi baş verəcəyi halda gündəmə gələ bilər.
Bildirilir ki, Benzema hazırkı klubu “Əl-İttihad”la müqavilənin uzadılması ilə bağlı ciddi fikir ayrılığı yaşayıb və tərəflər arasında gərginlik artıb.
Bu səbəbdən futbolçunun klubdan ayrılmasına yaxın olduğu qeyd olunur.
Benzema dekabr ayında AS nəşrinə açıqlamasında müqaviləsini uzatmaq istədiyini bildirsə də, Avropaya mümkün qayıdışı da istisna etmədiyini söyləmişdi.
Fransa millisinin heyətində 97 oyun keçirən və 37 qol vuran hücumçu 2023-cü ilin iyulunda “Real Madrid”dən azad agent kimi “Əl-İttihad”a keçib. Onun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir.
Cari mövsümdə Benzema Səudiyyə Ərəbistanı çempionatında 14 oyunda 8 qol vurub.
“Transfermarkt” portalı onun bazar dəyərini 6 milyon avro olaraq qiymətləndirir. 2026-cı ilin yanvarında yayılan xəbərlərə əsasən, “Beşiktaş” futbolçunun müqaviləsinə xitam verilməsi üçün 3 milyon avro təklif etməyi planlaşdırıb.
Qeyd edək ki, Benzema ilə “Əl-Hilal”dan başqa “Beşiktaş” və “Real Madrid”in də maraqlandığı bildirilir.