Avropa İttifaqının (Aİ) daxili işlər nazirləri oktyabrın 14-də Lüksemburqda miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini müzakirə edəcəklər.
"Operativ Məlumat Mərkəzi-OMM" “Financial Times”-a istinadən xəbər verir ki, üzv ölkələr arasında yaranmış “dərin fikir ayrılığı” yekun qərarın qəbuluna mane ola bilər.
Qəzetin diplomatik mənbələrinə görə, mübahisənin əsas səbəbi “geri qaytarma direktivi”nin tətbiqidir. Söhbət bir Aİ ölkəsinin qəbul etdiyi deportasiya qərarının digər üzv dövlətlər tərəfindən məcburi şəkildə tanınıb-tanınmamasından gedir.
Bəzi ölkələr, o cümlədən İsveç və Almaniya, bu qərarların könüllü şəkildə tanınmasının tərəfdarıdır. Digərləri isə bunun milli suverenliyə zərbə vuracağını düşünərək əleyhinə çıxır.
Görüşdə gərginlik yaradacaq digər məsələ “məcburi həmrəylik” strategiyasıdır. Bu mexanizmə əsasən, miqrant axınının yüksək olduğu ölkələrə yardım məqsədilə sığınacaq axtaranların bir hissəsi digər Aİ ölkələrinə paylanmalıdır. Lakin Polşa və bir neçə Şərqi Avropa dövləti bu təklifin qəti əleyhinə çıxır.
Avropa Komissiyasının məlumatına əsasən, hazırda Aİ-də sığınacaq almaqdan imtina edilənlərin cəmi 20%-i öz ölkəsinə qaytarılır. Ölkələr bir-birinin deportasiya qərarlarını tanımadığı üçün eyni şəxslər bir neçə ölkədə ardıcıl şəkildə sığınacaq axtara bilir.
Avropa Komissiyası bu prosesi sadələşdirmək və “miqrant dövriyyəsini” azaltmaq üçün yeni geri qaytarma strategiyası hazırlamağı planlaşdırır.