Milli Məclisin deputatları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova müraciət ediblər. Onlar ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər.
Bəs müraciətin edilməsinin əsas səbəbi nədir?
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib ki, tək deputatlar deyil, bütün parlament ABŞ-nin bir sıra məsələlərdə Azərbaycana qarşı ədalətsiz münasibətindən narahatdır.
Millət vəkili qeyd edib ki, ABŞ və Azərbaycan regionda sülhün, əmin-amanlığın bərpa edilməsində hər zaman əməkdaşlıq ediblər. ABŞ-nin Əfqanıstanda sülh yaratmaq mərasimində Azərbaycan logistik məsələlərdə ABŞ-yə dəstək verib və beynəlxalq birlikdə də bizim birgə hərəkət etdiyimiz bir çox istiqamətlər vardır. Ancaq bununla belə, Azərbaycana qarşı 32 il bundan əvvəl tətbiq edilmiş ədalətsiz 907-ci düzəlişin indiyə qədər saxlanılması və əvvəllər olduğu kimi hər il onun fəaliyyətinin dayandırılması praktikasının davam etdirilməməsi, Azərbaycan ictimaiyyətində təəccüb yaradır və çoxsaylı seçicilərimiz bizlərə müraciət edərək bunun nədən baş verdiyini və bundan ABŞ-nin nə qazandığı suallarını verirlər. Biz də seçicilərin ifadəsini ABŞ hakimiyyətinə çatdırmaq istəyirik. Xarici işlər naziri Azərbaycanın xarici siyasətinə cavabdeh olan yeganə qurum kimi bu narahatçılığı ABŞ administrasiyasına, müvafiq orqanlarına çatdırmalıdırlar.
“Azərbaycanın sayəsində regionda sülh və əmin-amanlıq bərpa edildi. Azərbaycanın müdrikliyi və şəxsi məsuliyyəti nəticəsində bu gün Ermənistanla sülh müqaviləsi üzərində çox ciddi iş gedir. Azərbaycan bir çox regional layihələrin təşəbbüskarı, həmçinin onun həyata keçirilməsində böyük rol oynayır. Bu il Azərbaycanda COP29 kimi çox möhtəşəm tədbirin keçirilməsi, Azərbaycanın beynəlxalq birlikdə qazandığı böyük nüfuzun nəticəsidir”.
A.Mirzəzadə ABŞ administrasiyasına Azərbaycana qarşı bəzi ədalətsiz hərəkətlərinə yenidən baxmasına çağırıb. Bunun ABŞ-Azərbaycan münasibətlərinə heç də müsbət təsir etmədiyini bildirib. Həmçinin millət vəkili ümid edib ki, seçkilərdən sonra kimin seçilməsindən asılı olmayaraq, ABŞ administrasiyası Azərbaycanla bağlı münasibətlərdə ədalətli mövqe tutacaqdır.
Aminə Nəzərova