İstanbulda Cənubi Qafqazda əməkdaşlığa dair "3+3" platforması çərçivəsində üçüncü görüş keçirilib. İclasda Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistanın xarici işlər nazirləri iştirak edib. "3+3" platforması regional əməkdaşlığı özündə ehtiva edən çox vacib bir platformadır. "3+3" platforması bütövlükdə regiondan kənar güclərin və xarici təsir faktorlarının sirayət etməsinin qarşısını alan bir nüansdır.
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında politoloq Tural İsmayılov bildirib.
"Bu gün Azərbaycan çox uğurla "3+3" platformasında iştirak edib. Biz bilirik ki, "3+3"-ün ideyası məhz Azərbaycan prezidenti İlham Əliyevə aiddir. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər ölkə rəhbərləri tərəfindən də "3+3" platforması dəstəkləndi. Doğrudan da, bölgənin önəmli güclərini müxtəlif rəsmilərdən tez-tez bu platfotma çərçivəsində bir araya gəlməsi, Azərbaycan, eyni zamanda Cənubi Qafqaz və bölgəsəl siyasi, iqtisadi layihələrin müzakirəsi baxımından da müsbət əhəmiyyətə malikdir.
“3+3" platformasının Türkiyədəki görüşündə Azərbaycanla Ermənistan arasındakı sülh platformalarında əməkdaşlıq da müzakirə edilib. Türkiyə xarici işlər naziri Hakan Fidanın da açıqlaması da göstərir ki, əslində Türkiyədə regiondan kənar hansısa güclərin Azərbaycanla Ermənistan arasındakı bir qarışıqlığa və “aranı qızışdıran” yönümə malik olduqlarını bilirlər. Ona görə də, "3+3" çərçivəsindəki görüşlər həm də gələcək üçün müsbət siqnal ola bilər ki, Azərbaycan və Ermənistan arasındakı bundan sonrakı görüşlər və danışıqlarda da Türkiyə bir platforma kimi iştirak etsin", - deyə T.İsmayılov qeyd edib.
Politoloq əlavə olaraq bildirib ki, "3+3" səviyyəsində müxtəlif nazirlərin, işçi qrupların görüşləri mütəmadi olacaq və Türkiyə də bununla bağlı alınan qərara regional inkişaf baxımından gələcəyə mühüm töhfə verir.
T.İsmayılov seçkilərdən sonra Gürcüstanın da "3+3" çərçivəsində görüşlərdə aktiv şəkildə iştirak edəcəyini düşünür.
Digər həmsöhbətimiz, Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli "3+3" formatı çərçivəsində Cənubi Qafqazda, xüsusilə də Azərbaycan və Ermənistan arasındakı danışıqların növbəti raundunun başladığını, prosesləri Qafqazda saxlamaq, yad təsirlərdən uzaq olmaq lazım olduğunu və Qərb raundunda Azərbaycanın başlatdığı səlib yürüşünə qarşı bunun ən gözəl cavab olduğunu bildirib.
Siyasi şərhçi vurğulayıb ki, bu, həm də o deməkdir ki, kənar güclərin bölgəyə təsiri və təzyiqi məsələsi artıq tək Azərbaycanı deyil, həm də Türkiyənin baş aktoru olduğu münasibətlər kontekstində də izlənilməlidir.
Aminə Nəzərova