“36 il əvvəl Sovet İttifaqının rəhbərliyi, Mixail Qarbaçovun birbaşa göstərişi ilə Bakıya qoşun yeridərək müstəqillik və azadlıq uğrunda mübarizə aparan Azərbaycan xalqına qarşı amansız divan tutdu”.
Bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov "Operativ Məlumat Mərkəzi-OMM"-ə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı açıqlamasında bildirib.
Deputat qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə nəticəsində 130-dan çox azərbaycanlı şəhid olub, yüzlərlə insan yaralanıb.

Onun sözlərinə görə, bu hadisələr Qarbaçov rəhbərliyinin Azərbaycan xalqına qarşı yönəlmiş məkirli və qəsdən həyata keçirilmiş siyasətinin nəticəsi idi.
Aydın Hüseynov vurğulayıb ki, hadisələrin ən gərgin dövründə – 20 Yanvar faciəsindən bir gün sonra Ümummilli Lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və bu addım böyük cəsarət nümunəsi idi.

Deputat bildirib ki, həmin mətbuat konfransında hazırkı prezident, Ali Baş Komandan İlham Əliyev də gənc yaşlarında iştirak edib.
“Bu fakt onu göstərir ki, Ulu Öndər Heydər Əliyev və onun ailə üzvləri həyatlarını riskə ataraq xalqın yanında oldular. Çünki o dövrdə istənilən an təhlükə yarana bilərdi. Buna baxmayaraq, Ulu Öndərin xalqına olan sonsuz məhəbbəti onu bu tarixi bəyanatı verməyə sövq etdi”, – deyə deputat əlavə edib.
Onun sözlərinə görə, Heydər Əliyev həmin mətbuat konfransında 20 Yanvar faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə geniş və dolğun məlumat verib, Qarbaçovun riyakar siyasətinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırıb. Bu cəsarətli mövqedən sonra Bakıda olduğu kimi, Gəncə, Lənkəran və digər şəhər və rayonlarda planlaşdırılan yeni qırğınların qarşısı alınıb.

Aydın Hüseynov bildirib ki, illər keçdikcə 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqı tərəfindən daha böyük ehtiramla yad olunur. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev 20 Yanvar tarixinin faciəvi gün kimi qeyd olunması ilə bağlı xüsusi sərəncam imzalayıb və bu ənənə bu gün də davam etdirilir.

Deputat qeyd edib ki, hazırda 20 Yanvar şəhidlərinin ailə üzvləri dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət bu ailələrə göstərilən yüksək ehtiramın bariz nümunəsidir.

Aydın Hüseynov sonda vurğulayıb ki, 20 Yanvar faciəvi tarix olsa da, eyni zamanda Azərbaycan xalqının qürur günüdür:
“20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin təcəssümü və simvoludur. Bu tarix xalqımızın yaddaşında əbədi yaşayacaq”.
