"Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul ediləcək Amnistiya aktı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olacaq. Bu addım dövlət başçısının siyasətinin humanizm prinsiplərinə söykəndiyini bir daha nümayiş etdirir".
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında deputat Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri və onların yaxınları Amnistiya aktından yararlanacaqlar.
“Bu, prezidentimizin çoxşaxəli siyasətinin və vətən, şəhid, müharibə iştirakçısı anlayışlarına göstərdiyi xüsusi həssas münasibətin açıq göstəricisidir”, – deyə Aydın Hüseynov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin bu yanaşması xalqın heysiyyətinə, qüruruna və ləyaqətinə verilən yüksək dəyəri ifadə edir:
“Azərbaycan vətəndaşlarına bu cür həssas münasibət ən ali dəyərdir”.
Aydın Hüseynov əlavə edib ki, cəmiyyətimizdə şəhid ailələri və onların yaxınları hər zaman ən yüksək hörmətə layiq görülür və heç vaxt diqqətdən kənarda qalmırlar. Bu fakt Prezident İlham Əliyevin yüksək mənəvi keyfiyyətlərə malik olduğunu da bir daha təsdiqləyir.
Deputat Amnistiya aktının “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilməsini xüsusi vurğulayaraq bildirib ki, Azərbaycan öz suverenliyini bütün ərazilərində müstəqil şəkildə təmin edən dövlətdir.
Onun sözlərinə görə, amnistiyadan yararlanacaq şəxslər ərazi bütövlüyümüzə və suverenliyimizə sədaqət andı içmiş insanlardır və onların xidmətləri yüksək qiymətləndirilməlidir.
Aydın Hüseynov sonda qeyd edib ki, təxminən 20 min nəfəri əhatə edəcək Amnistiya aktı geniş miqyaslı sosial-siyasi əhəmiyyət daşıyır və bu addım Azərbaycanda sağlam və yüksək səviyyəli ictimai-siyasi münasibətlər sisteminin mövcudluğunu göstərir.
Afət ZİYADQIZI