ABŞ-nin keçmiş prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden onun səhhəti ilə bağlı açıqlama verərək, keçmiş dövlət başçısının ömrünün sonuna qədər xərçənglə yaşayacağını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Cill Bayden bu barədə "NBC News" telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub və xəstəlik artıq sümüklərə metastaz verib.
"Düşünürəm ki, ona prostat xərçəngi diaqnozu qoyulsaydı, bu bir şey olardı, çünki bu, müalicə edilə bilər. Lakin onun sümüklərinə metastaz verməsi bunu tamamilə dəyişdirir. Ona görə də düşünürəm ki, Co ömrünün sonuna qədər xərçənglə yaşayacaq", – deyə Cill Bayden bildirib.
Bununla belə, o qeyd edib ki, keçmiş prezident hazırda özünü yaxşı hiss edir və müalicə prosesini davam etdirir.
Xatırladaq ki, Co Bayden 2025-ci ilin may ayında prostat xərçənginin aqressiv formasına tutulduğunu açıqlamışdı. Daha sonra o, beş həftəlik şüa terapiyası kursu keçib.
Bundan əvvəl, 2025-ci ilin sentyabr ayında Bayden dəri xərçəngi ilə bağlı əməliyyat olunmuşdu.