Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın daxilindəki hədəflərə qarşı həyata keçirilən son əməliyyatın təfərrüatlarını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Zelenski bu barədə sosial media hesabında paylaşım edib.
Məlumata görə, Ukrayna qüvvələri cəbhə xəttindən 300 kilometrdən çox məsafədə yerləşən Novorossiysk dəniz bazasına zərbələr endirib.
Zelenskinin sözlərinə görə, əməliyyat zamanı “Neptun” tipli raketlər, “Palyanitsia” silahlı pilotsuz uçuş aparatları (SİHA) və pilotsuz dəniz vasitələrindən istifadə olunub.
Ukrayna lideri bildirib ki, hücum zamanı Rusiyanın hava hücumundan müdafiə mövqeləri, liman infrastrukturu və rıhtımlar hədəfə alınıb.
Rəsmi Kiyev Rusiyanın hərbi hədəflərinə qarşı əməliyyatların davam etdiriləcəyini açıqlayıb.
Zelenski qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü davam etdiyi müddətdə Rusiya donanması və onun fəaliyyətini təmin edən infrastruktur obyektləri təhlükəsiz olmayacaq.
Ukrayna Prezidenti müharibənin dayandırılmasının vacibliyini də vurğulayıb. O, diplomatik həll üçün irəli sürülən bütün təkliflərin hələ də danışıqlar masasında olduğunu bildirib.