Çin Xalq Respublikasının sədri Si Cinpin Pekinin Ukrayna, Yaxın Şərq və Əfqanıstandakı münaqişələrin siyasi yollarla həlli üçün digər ölkələrlə koordinasiyanı gücləndirməyə hazır olduğunu bildirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Si Cinpin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) liderlərinin iclasında çıxışı zamanı Çinin bütün tərəflərlə dialoq qurmağa və davamlı sülhün təmin olunması istiqamətində birgə səylər göstərməyə hazır olduğunu qeyd edib.
Çin liderinin sözlərinə görə, Pekinin əsas məqsədi münaqişələrin yalnız görünən nəticələrini aradan qaldırmaq deyil, həm də onların yaranmasına səbəb olan əsas amilləri aradan qaldırmaqdır.
Si Cinpin bildirib ki, Çin digər dövlətlərlə əlaqələri və koordinasiyanı gücləndirərək Ukrayna, Yaxın Şərq və Əfqanıstanda mövcud olan gərginliyin siyasi yollarla tənzimlənməsinə töhfə vermək niyyətindədir.
İclasda çıxış edən Rusiya Prezidenti Vladimir Putin isə ŞƏT-ə üzv ölkələri dünyada silahlı münaqişələrin təhrik edilməsinin qarşısını almaq üçün səyləri artırmağa çağırıb.
Putin vurğulayıb ki, ŞƏT çərçivəsində sıx əməkdaşlıq Avrasiya qitəsində sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.