Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum ölkədə baş verən meşə yanğınlarının yaşayış məntəqələrinə vurduğu ziyanla bağlı açıqlama verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazir sosial şəbəkə hesabında paylaşdığı məlumatda yanğından zərər çəkən vətəndaşlara dövlətin hər zaman dəstək olacağını bildirib.
Murat Kurumun sözlərinə görə, yanğınların nəzarət altına alındığı ərazilərdə ziyanın qiymətləndirilməsi işlərinə başlanılıb. İlkin hesablamalara əsasən, Antalya, Muğla və Balıkesir vilayətlərində ümumilikdə 65 müstəqil bölmə ağır zədələnib və ya tamamilə yararsız vəziyyətə düşüb.
Nazir bildirib ki, zərər görən tikililərdən 20-si Kumluca, 39-u Seydikemer, 6-sı isə Gömeç rayonunun payına düşür.
Murat Kurum vətəndaşları narahat olmamağa çağıraraq, zərərçəkənlərin bütün ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən zəruri tədbirlərin görüləcəyini vurğulayıb.