ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla bağlı mümkün hərbi ssenariləri müzakirə edib. Lakin Ağ Ev hələlik diplomatik danışıqların davam etdirilməsinə üstünlük verir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, administrasiyadakı yüksək vəzifəli şəxslər prezidentə İranla genişmiqyaslı müharibənin bərpası ilə bağlı mümkün variantları təqdim ediblər. Məlumata görə, Donald Tramp son günlər müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynlə bir sıra görüşlər keçirib.
Qeyd olunub ki, görüşlər zamanı İrana qarşı yeni hərbi zərbələrin endirilməsi ehtimalı müzakirə edilib. Ağ Evdə “işi sona çatdırmaq” kimi qiymətləndirilən ssenarilər Vaşinqtonun diplomatik danışıqlardan imtina edib-etməyəcəyi məsələsi ətrafında aparılıb.
Məlumata görə, Donald Tramp hələlik diplomatik yolun davam etdirilməsinə üstünlük verib. Prezident köməkçilərinə bildirib ki, növbəti genişmiqyaslı hərbi əməliyyatlar diplomatik səylərə zərər vura və İranın nüvə proqramı ilə bağlı razılaşma əldə etmək imkanlarını azalda bilər.
Xatırladaq ki, bundan əvvəl Donald Trampın İranla danışıqların əvvəlcədən müəyyən edilmiş 60 günlük müddətdən artıq davam etməsində problem görmədiyi barədə məlumat yayılmışdı.