Salyan rayon sakini Alim Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobil YPX Alayının əməkdaşları tərəfindən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Sənədlərin yoxlanılması zamanı müəyyən olunub ki, sürücü bir müddət əvvəl narkotik sərxoşluğuna görə inzibati məsuliyyətə cəlb edilib. Qeyri-adekvat hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət olunan A.Babayevin yenə də narkotik vasitənin təsiri altında olması aşkar edilib.
Eyni qanunazidd əməli təkrar törətdiyinə görə A.Babayev məhkəmənin qərarı ilə 2 il sürücülük hüququndan məhrum edilməklə inzibati məsuliyyətə cəlb olunub.
Baş Dövlət Yol Polisi İdarəsi bəyan edib ki, narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərə qarşı bundan sonra da ən kəsərli tədbirlər görüləcək.