Mayın 28-də Xankəndi şəhərində “GP Safety” MMC-yə məxsus iş əlcəkləri istehsalı müəssisəsinin açılışı baş tutub. Azərbaycan Prezidenti İlham Əliyev müəssisənin fəaliyyəti ilə tanış olub.
Şirkətin təsisçisi Hikmət Əsədov dövlət başçısına məlumat verib ki, müəssisədə müxtəlif təyinatlı 4 növ iş əlcəyi istehsal olunacaq. İllik istehsal gücü 25 milyon cüt əlcək təşkil edən müəssisənin əsas məqsədi daxili bazarın tələbatını qarşılamaq, gələcəkdə isə məhsulları Avropa bazarına ixrac etməkdir. 35 nəfərin işlə təmin olunacağı müəssisənin ümumi investisiya dəyəri 3,5 milyon manatdır.
Layihənin reallaşdırılmasına dövlət tərəfindən dəstək göstərilib:
- İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1 milyon manat güzəştli kredit ayrılıb.
- İnvestisiya təşviqi sənədi əsasında idxal olunan avadanlıqlar üçün 238 min manat məbləğində ƏDV-dən azadolma tətbiq edilib.
Bu müəssisənin fəaliyyəti Xankəndidə yüngül sənayenin inkişafına və şəhərin iqtisadi potensialının bərpasına mühüm töhfə verir. Yaradılan sənaye infrastrukturu həm yerli əhalinin məşğulluğunun təmin olunmasına, həm də ixracyönümlü istehsalın genişləndirilməsinə xidmət edir.