Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin sədri Nəsir Nəsirlinin qanunsuz əməlləri barədə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb. Araşdırma Ədliyyə Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
İbtidai istintaqla müəyyən edilib ki, Nəsir Nəsirli qeyd edilən vəzifədə işləyərkən 2020-2024-cü illər ərzində bələdiyyə mülkiyyətində olan ümumilikdə 13 ha torpaq sahəsinin satışı zamanı qanunvericiliyin tələblərini pozub. Qanunvericiliyə əsasən, həmin ərazilər məcburi qiymətləndirilməklə orta bazar qiymətindən az olmamaq şərti ilə satılmalı idi.
Lakin onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə torpaqları dəyərindən aşağı satması nəticəsində bələdiyyəyə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Nəsir Nəsirliyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Onun barəsində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilib.