Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçirilib. Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, paytaxt Bakı, Sumqayıt şəhəri və Masallı rayonunda keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Əliağa Nağıyev, Cavid Ağasıyev, Mikayıl Xudaşov və Hikmət Hüseynov tutulublar.
Axtarış zamanı saxlanılan şəxslərdən ümumilikdə aşağıdakı qadağan olunmuş maddələr aşkar edilərək götürülüb:
- 40 kiloqram tiryək;
- tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana;
- 500 ədəd psixotrop tərkibli metadon həbi.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər xarici ölkələrdə fəaliyyət göstərən narkotacirlərin tapşırıqlarını yerinə yetirərək narkokuryerliklə məşğul olublar. Faktlarla bağlı cinayət işləri başlanılıb və məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.