Vətəndaş şikayətləri əsasında aparılan araşdırmalar nəticəsində bələdiyyələrin yol verdiyi nöqsanlar rəsmən açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində Bakı şəhəri üzrə bir sıra ciddi qanun pozuntuları aşkar edilib.
Paytaxt bələdiyyələrində əsasən ötən dövrlərdə qanunsuz torpaq sahələrinin ayrılması, vergitutma obyektlərinin uçotu və yerli vergilərin hesablanmasında qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. Həmçinin, abadlaşdırma və yaşıllıqların mühafizəsi ilə bağlı vəzifələrin lazımi səviyyədə yerinə yetirilməməsi faktlarına rast gəlinir.
Məruzədə region bələdiyyələri tərəfindən yol verilən səhvlər də xüsusi vurğulanıb. Burada əsas nöqsanlar torpaq sahəsinin ayrılması zamanı qanunvericiliyə əməl edilməməsi, bələdiyyə torpaqlarının zəbt edilməsi və ya təyinatından kənar istifadəsi ilə bağlıdır.
Bundan əlavə, qeyri-qanuni istifadə olunan, habelə icarə müddəti bitmiş torpaqların geri qaytarılması və dəymiş ziyanın ödənilməsi istiqamətində hər hansı tədbirin görülməməsi tənqid olunub.
İl ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsi (inzibati nəzarət orqanının fəaliyyətinə mane olma) ilə vəzifəli şəxslər barəsində protokollar tərtib edilərək məhkəmələrə göndərilib.
Həmin protokollar əsasında 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Hazırda 3 protokol isə məhkəmələrin icraatındadır.