Azərbaycanda əmək müqaviləsinə xitam verilməsi qadağan olunan işçilərin siyahısının genişləndirilməsi, xüsusilə 60 yaşdan yuxarı şəxslərin iş yerlərinin qorunması təklif edilir.
"Report" xəbər verir ki, bu təşəbbüs İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında rəsmi müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı qeyd edilib ki, əsas yeniliklərdən biri 60 yaşdan yuxarı olan işçilərin əmək müqaviləsinə xitam verilməsinin qanunla qadağan olunmasıdır.
Xatırladaq ki, hazırkı qanunvericiliyə görə, işəgötürən tərəfindən hamilə qadınların, habelə üç yaşınadək uşağı olan qadınların və üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin işdən çıxarılması yolverilməzdir.
Bununla yanaşı, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin və əmək qabiliyyətini müvəqqəti itirən şəxslərin də əmək müqaviləsinə xitam verilməsi qadağandır.
Məruzədə yer alan digər mühüm təklif isə dövlət qulluğunda azı 35 il iş stajı olan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ olanlar siyahısına daxil edilməsini nəzərdə tutur.