Suriya Prezidenti Əhməd əl-Şaraa ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. SANA agentliyinin yaydığı məlumata görə, tərəflər ikitərəfli münasibətləri, həmçinin regional və beynəlxalq gündəmdəki aktual məsələləri müzakirə ediblər.
Əhməd əl-Şaraa Suriyanın yenidən qurulması prosesində beynəlxalq dəstəyin əhəmiyyətini vurğulayıb. O, mövcud sanksiyaların aradan qaldırılmasının ölkə iqtisadiyyatının dirçəldilməsi və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün vacib olduğunu qeyd edib. Suriya liderinin fikrincə, sanksiyaların ləğvi investisiya mühitini canlandıracaq və iqtisadi layihələrin reallaşdırılması üçün şərait yaradacaq.
Danışıqlar zamanı regional təhlükəsizlik və mövcud gərginliklər də diqqət mərkəzində olub. Əl-Şaraa böhranların həlli üçün dialoq və diplomatik yanaşmanın zəruriliyini bildirib. Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp regionda sabitliyin təmin edilməsinin və Suriyanın yenidən qurulması səylərinə dəstək verilməsinin vacibliyini ifadə edib.
Görüşün sonunda tərəflər qarşılıqlı maraq kəsb edən məsələlər üzrə əlaqələrin və koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.