ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dolları ötüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dövlət borcu mart ayında 39 trilyon dollara, oktyabr ayında isə 38 trilyon dollara çatmışdı.
Federal hökumətin xərclərinin əsas hissəsi müdafiə, sosial proqramlar və artan büdcə kəsirinə görə faiz ödənişlərinin payına düşür.
Ekspertlərin sözlərinə görə, rekord həddə çatan dövlət borcu artıq amerikalıların gündəlik həyatına təsir göstərir.
Borcun artması ipoteka və avtomobil kreditlərinin bahalaşmasına, investisiyalar üçün şirkətlərin sərəncamında daha az vəsait qalmasına və nəticədə əməkhaqqının artımının zəifləməsinə, eləcə də mal və xidmətlərin qiymətlərinin yüksəlməsinə səbəb olur.
ABŞ-nin dövlət borcu bir neçə prezident administrasiyasının dövründə sürətlə artıb. Buna əsas səbəb hökumətin vergi gəlirlərindən daha çox vəsait xərcləməsidir.
COVID-19 pandemiyası zamanı ABŞ iqtisadiyyatının əhəmiyyətli hissəsi fəaliyyətini dayandırıb. İqtisadiyyatı sabitləşdirmək və bərpanı dəstəkləmək üçün federal hökumət Donald Trampın 2017-2021-ci illərdəki ilk prezidentliyi dövründə, eləcə də Co Baydenin 2021-2025-ci illərdəki prezidentliyi zamanı böyük həcmdə borclanıb.
Qeyd olunub ki, Trampın iki prezidentlik müddəti və Baydenin dörd illik prezidentliyi ərzində ABŞ-nin dövlət borcu iki dəfəyə yaxın artıb.
Borc Trampın ilk və ikinci prezidentlik müddətləri ərzində ümumilikdə 11,6 trilyon dollar, Baydenin prezidentliyi dövründə isə 8,4 trilyon dollar artıb.
ABŞ-nin dövlət borcu ilk dəfə 1981-ci ildə 1 trilyon dollara çatıb.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarının son təhlilinə əsasən, ABŞ inkişaf etmiş ölkələr arasında ən ağır maliyyə vəziyyətində olan dövlətlərdən biridir.