ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dollar həddini keçərək rekord səviyyəyə çatıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin son məlumatına əsasən, avqustun 18-nə ölkənin ümumi dövlət borcu 40 trilyon 47 milyard dollar təşkil edib.
Bu məbləğin 32 trilyon 265 milyard dollarını ictimaiyyət qarşısında olan borc, 7 trilyon 781 milyard dollarını isə hökumətdaxili borclar təşkil edir.
ABŞ-ın dövlət borcu 2022-ci ilin əvvəlində 30 trilyon dolları keçmişdi. Beləliklə, 5 ildən az müddətdə ölkənin borc yükü təxminən 10 trilyon dollar artıb. İlin əvvəlində isə ümumi borc 38,4 trilyon dollar səviyyəsində olub.
Maliyyə analitikləri ABŞ-nin borc yükünün sürətlə artmasını bir neçə əsas amillə əlaqələndirirlər.
COVID-19 pandemiyası dövründə iqtisadiyyatı dəstəkləmək məqsədilə həyata keçirilən genişmiqyaslı stimullaşdırıcı proqramlar dövlət xərclərini əhəmiyyətli dərəcədə artırıb.
Bundan əlavə, yüksək faiz dərəcələri borcun xidmət xərclərini yüksəldərək büdcəyə əlavə yük yaradıb. Vergi endirimləri isə dövlət gəlirlərinin azalmasına və büdcə kəsirinin genişlənməsinə təsir edən amillər sırasında göstərilir.
ABŞ dövlət borcunun artım tempi ölkənin uzunmüddətli maliyyə dayanıqlılığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.