ABŞ-nin müdafiə naziri Pit Heqset Vaşinqtonun İrana tətbiq etdiyi dəniz blokadasını qeyri-müəyyən müddətə davam etdirə biləcəyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Heqset ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki mövcudluğunu növbəli şəkildə davam etdirə biləcəyini bildirib.
“ABŞ Hərbi Dəniz Qüvvələri blokadanı qeyri-müəyyən müddət davam etdirə bilər. Çünki gəmiləri indiyədək etdiyimiz və bundan sonra da edəcəyimiz kimi növbə ilə bölgəyə göndərib geri çəkəcəyik”, - o deyib.
Müdafiə naziri blokadanın konkret vaxt məhdudiyyətinin olmadığını vurğulayaraq, onun lazım olduğu müddətcə davam etdiriləcəyini bildirib.
Heqsetin açıqlaması ABŞ-İran arasında gərginliyin davam etdiyi və Hörmüz boğazında gəmiçiliklə bağlı vəziyyətin daha da mürəkkəbləşdiyi bir vaxtda səslənib.
ABŞ-nin blokadanı uzun müddət davam etdirə biləcəyi barədə açıqlama enerji bazarlarında da narahatlığı artırıb.