ABŞ və Böyük Britaniya rəsmilərinin Kiyevə rəsmi səfərindən sonra Ukraynadakı müharibənin müqəddəratı dəyişə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İranın Rusiyaya ballistik raketlər verməsindən qəzəblənən ABŞ və Böyük Britaniya Kiyevin Rusiya ərazisini Qərb silahları ilə vurmasına icazə verməyi planlaşdırır.
Ukrayna prezidenti V.Zelenski uzun müddətdir ki, Qərb ölkələrindən Kiyevə göndərdikləri silahlara məhdudiyyətləri aradan qaldırmaları barədə davamlı müraciətlər ünvanlayıb.
Zelenski bildirib ki, məhdudiyyətlər səbəbindən Rusiya Ukrayna ərazisinə rahatlıqla ölümcül zərbələr endirməkdə davam edir və bu çox sayda mülki vətəndaşların ölümünə səbəb olur.
Zelenskinin bu müraciətinə cavab olaraq, İsveç, Finlandiya, Baltikyanı ölkələr, Niderland, Polşa, Çexiya və Kanada öz silahlarının Rusiya ərazisində istifadəsinə qarşı çıxmadıqlarını bildiriblər.
Əvvəlcə bu fikrə qarşı çıxan Almaniya kansleri Olaf Şoltzun da, son günlərdə öz mövqeyini dəyişdiyi və müəyyən şərtlər daxilində Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsinə icazə verilməsi ideyasını dəstəklədiyi görülür.
NATO baş katibinin baş müşaviri vəzifəsini icra edən admiral Rob Bauer də Kiyevə silah tədarük edilən silahlardan Rusiya ərazisində istifadə edilməsini dəstəklədiyini bildirib və Kiyevin münaqişədə uğur əldə etməsi üçün bunu vacib hesab edib.
Ukrayna xüsusilə ABŞ-dan Rusiyaya qarşı silah istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edən sorğu göndərib. Qərb mətbuatı yazır ki, prezident Co Bayden Çinin Rusiyaya qabaqcıl texnologiyalar tədarükünə, eləcə də Moskvanın öz hücumlarında aktiv şəkildə İran və Ş.Koreya istehsalı silahlardan istifadəsinə cavab olaraq bu tələbə müsbət yanaşır.
İranın Rusiyaya 150 km mənzilli “Fəth-360” ballistik raketlərini tədarük etməsini əsas gətirən ABŞ və Böyük Britaniya indi Ukraynanın Rusiya ərazisini uzaq mənzilli Qərb silahları ilə vurmasına icazə verməyi planlaşdırır.
Ukraynanın çoxdan gözlədiyi qərarın Kiyevə səfər edən ABŞ və Böyük Britaniyanın xarici işlər nazirləri Antoni Blinken və Devid Lamminin Ukrayna prezidenti Vladimir Zelenskiyə çatdırdığı iddia edilib.
ABŞ dövlət katibi Blinken Kiyevdə keçirilən görüşlərdə Ukraynanın Rusiyaya qarşı necə müqavimət göstərəcəyini müzakirə etdiklərini bildirib. O, hazırda Ukraynanın Rusiyaya qarşı Qərb silahlarından istifadə edib-etməyəcəyinə dair qərar üzərində işlədiklərini və Kiyev üçün ən xeyirli qərarı qəbul etməyə çalışacaqlarını bildirib.
Ukraynanın ABŞ-dan aldığı 300 km mənzilli ATACAMS raketləri və Böyük Britaniyadan 250 km mənzilli “Storm Shadow” raketlərinə sahibdir. Yüksək dağıdıcı gücə malik olan bu raketlərin Rusiya ərazisi daxilində, xüsusən də Ukraynanın separatçı Donbas cəbhəsindəki hədəflərə qarşı istifadə ediləcəyi gözlənilir ki, bu da 2 il yarımdan çoxdur davam edən müharibənin yeni mərhələsini başlada bilər.
Kreml lideri Vladimir Putin ötən həftə jurnalistlərə verdiyi müsahibədə Qərb ölkələrinə xəbərdarlıq edərək, tədarük edilən silahların Rusiya ərazisində istifadə edilməsinin, NATO-nun Rusiya ilə müharibəyə başlaması mənasını daşıyacağını bildirmişdi.
Onun sözlərinə görə, NATO-nun müharibəyə qoşulması, Rusiya-Ukrayna münaqişəsinin mahiyyətini kökündən dəyişəcək və Rusiya buna cavab olaraq bəzi ciddi addımlar atacaq.
Kremlin sözçüsü Dmitriy Peskov, Blinken və Lammy-nin səfərinin birbaşa silahdan istifadə icazəsi ilə əlaqəli olduğunu ifadə edib.
“Bizim fikrimizcə, Ukraynaya Rusiyaya qarşı uzaqmənzilli qərb silahlarından istifadə etmək üçün artıq icazə verilib. “Amerika və Britaniya nazirləri Kiyevə gedir və dünya ictimai rəyini müharibənin yeni reallığına alışdırmağa çalışırlar", - Peskov deyib.